ABŞ kimi Fransa da reallığı qəbul edəcək - Asim Mollazadə 

19:19 11.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransa məsləhətləşmə adı ilə səfirini bir müddət əvvəl geri çağırsa da, onu yenidən Bakıya göndərdi. ABŞ səfiri ilk dəfə olaraq Şuşaya səfər etdi. Qazaxıstanda növbəti ikitərəfli sülh danışıqları olacaq. Bölgəmizdə proseslərin gedişi hələ də gərgin xətt üzrə inkişaf edir. Müsahibimiz Milli Məclisin deputatı Asim Mollazadədir.

- Azərbaycan tərəfi ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığını bəyan edir və bu yöndə addımlar atır. Ermənistanın qriqoriyan kilsəsinin sərgilədiyi mövqeni necə dəyərləndirirsiniz?

- Hazırda erməni diasporası, Ermənistanın keçmiş rəhbərləri və onların təyin etdiyi qriqorian kilsəsinin rəhbərliyi regionda sülhə qarşı çıxış edir. Həmin revanşist qüvvələr bölgədə yeni müharibənin olmasını istəyirlər. Erməni lobbisinin istəyi ondan ibarətdir ki, növbəti faciələr baş versin və həmin hadisələri “erməni faciələri” adı altında dünyaya tirajlasınlar, yeni “ağlaşma” düzəldib özləri üçün maliyyə toplasınlar, maliyyə qaynaqları tapsınlar. Ermənistanda yaşayan mülki ermənilər faciələrdən, müharibələrdən yorulub, normal bir ölkə, xalq kimi dünyaya inteqrasiya etmək arzusundadır. Erməniləri özlərinə maşa bilən qüvvələr, eləcə də onların əlində alətə çevrilən siyasilər revanşizm məqsədlərindən əl çəkmir. Erməni xalqının Azərbaycan, Türkiyə ilə normal münasibətlər qurub bölgədə sakit sülh şəraitində yaşamaq istəklərini gözlərində qoymağa çalışırlar. Bu prosesdə dünyadakı erməni lobbisi, qriqorian kilsəsi qızışdırıcı funksiyada iştirak edir. Xüsusilə də Azərbaycanda minlərlə azərbaycanlının qətlə yetirilməsində əli olan sarkisyanlar, köçəryanlar yenidən hakimiyyətə qayıdaraq öz cinayətlərini təkrarlamaq istəyirlər. Ermənistanın baş naziri Paşinyan hazırkı geosiyası reallıqlar fonunda mövcud vəziyyəti açıq şəkildə etiraf edir. Baş nazir Ermənistanda yaşayan ermənilərin istəyinə uyğun olaraq sülh istiqamətində addımlar atmağa çalışır. Yaxın müddətdə sülh sazişi imzalana bilər, bunun üçün hər bir şərait, imkan var. Bu prosesin qarşısının alınması üçün çalışan erməni cinayətkarlar hər vasitədən, xüsusilə dini amillərdən, qriqorian kilsəsinin nüfuzundan, təsirindən istifadə edərək hərəkətə keçib, etiraz aksiyaları təşkil edirlər.  Şübhəsiz, heç nəyə nail ola bilməyəcəklər.

- Fransanın daxili işlər naziri Jerar Darmani bir qədər əvvəl Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı əsassız və ittiham xarakterli iddialar səsləndirib. Guya Azərbaycan separatçıları dəstəkləyib. Fransanın Azərbaycana qarşı əsassız iddiaları bitmir...

- Fransanın istəyi, bilavasitə Fransada yaşayan erməni diasporasının istəyi ilə bağlıdır. Erməni diasporaları Azərbaycanla müharibə istəyir və Fransanın həyata keçirdiyi siyasəti yenidən hansısa formada revanşa dəstək verməkdir. Fransa öz neokolonial siyasətini Cənubi Qafqazda yeniləmək istəyir. Fransa Afrikada məğlub olub. Hazırda Sakit okean sahili ərazilərində Fransanın kaloniyaları olan ölkələr üsyan qaldırıblar. Ona görə də onlar öz müstəmləkə siyasətlərini Cənubi Qafqaza transfer etmək istəyirlər. Fransanın apardığı siyasət XXI əsrə uyğun deyil. Onlar XVII əsrin kolonial siyasətini yeni formalarda, yeni məkanlarda həyata keçirməyə çalışsalar da, bu, kökündən yanlışdır, uğursuzdur. Fransa Afrikanı, Orta Şərqi öz uğursuz siyasəti nəticəsində necə tərk etdisə, XXI əsrdə də kolonializm, imperializm siyasəti ilə yaşamaları heç bir nəticə verə bilməz.

- İkitərəfli danışıqlar formatı Zəngəzur dəhlizinin açılmasına nə dərəcədə  yaxınlaşdırır?

- Əslində, məlum danışıqlar müsbət nəticələnə və yaxın müddətdə Ermənistanla sülh sazişinin imzalanması ilə gerçəkləşə bilərdi. Bununla yanaşı hesab edirəm ki, dəhlizlərin, kommunikasiyaların açılması Ermənistanın inkişafı üçün yeganə yoldur. Ona görə də bu kommunikasiyaların açılması hər kəsdən çox Ermənistanı maraqlandırmalıdır. Zəngəzur dəhlizinin açılması tək Azərbaycanı deyil, bir çox ölkələri maraqlandırır. Çox güman ki, bu istiqamətdə müsbət nəticələr əldə olunacaq. 

- ABŞ səfiri, nəhayət, erməni işğalından azad olunan Şuşaya səfər etdi...

- Qərbin Azərbaycana qarşı yönələn əks- münasibətlərinə qarşı bir qədər dözümlü olmaq lazımdır. Məlumdur ki, noyabr ayında ABŞ-də seçkilər olacaq. Hazırda orada olan erməni diasporasının dirijor çubuğu ilə aparılan anti-Azərbaycan siyasəti məhz seçkilərlə bağlıdır. Seçkilər ərəfəsində namizədlərin səs toplamaq üçün erməni mövqeyindən çıxış etməsi birinci dəfə deyil. Düşünürəm ki, seçkilərdən sonra ABŞ-nin mövqeyi beynəlxalq hüquq normaları ilə uyğunlaşacaq. 

Eyni zamanda vaxtilə Şuşaya səfər etməkdən imtina edən ABŞ səfirinin bu gün belə bir səfəri gerçəkləşdirməsini mövcud reallığı qəbul etmələri və normal münasibətlərə qayıdışı kimi qiymətləndirmək olar. Doğrudan da bu günə qədər ABŞ-nin bizə qarşı mövqeyi beynəlxalq hüquq normalarına və bu ölkənin indiyə qədər bəyan elədiyi beynəlxalq hüquq normalarına, demokratiya anlayışına zidd idi. Ona görə də  Azərbaycana qarşı sərgilədiyi mövqelərinə düzəlişlər etdilər. Əslində bu, beynəlxalq hüquq normalarına əsaslanan  mövqedir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Otuz il idi ki, Minsk qrupu adı altında birləşən dövlətlər, ABŞ də daxil olmaqla, bu hüququ bərpa edə bilmirdilər. Azərbaycan öz ərzilərində beynəlxalq hüququn tələblərini bərpa edəndən sonra, hər şey öz hüquqi müstəvisinə qayıtdı. ABŞ-nin Azərbaycana olan münasibəti bu cür olmalıydı. Xaricdə olan erməni diasporasının təzyiqi ilə verilən qətnamələr, bəyanatların heç bir ciddi əsası yoxdur və bu, seçkiyə hesablanmış müvəqqəti hay-küydən başqa bir şey deyildi.

 - ABŞ-nin 1992-ci ildə Azərbaycana qarşı "907-ci düzəliş"ə düzəliş etməməsi nə ilə bağlıdır?

- Bu düzəliş erməni diasporasının təsiri altında saxlanılır. Erməni diasporasının ABŞ-də siyasi təsirləri güclüdür. Çox vaxt ABŞ-nin qəbul etdiyi qərarlar onun özünün milli maraqlarına, milli təhlükəsizliyinə ziddir.

Unutmamalıdırlar ki, Azərbaycan ABŞ ilə apardığı müharibələrdə müəyyən dəstək verib.  Azərbaycan Silahlı Qüvvələri Kabil şəhərindən Amerika ordusunun çıxarılmasına, son ana qədər Amerika ordusunun təhlükəsizliyinə dəstək verib. Amerikada bunu bilən, dərk edən qüvvə var və ABŞ uzun müddət öz milli təhlükəsizlik maraqlarına qarşı olan erməni istəklərini davam etdirə bilməz.

- Vaxtilə ABŞ ilə bərabər ATƏT-in Minsk qrupunda olan, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində bir missiya üzərinə götürmüş keçmiş həmsədr dövlət Fransa da var. Fransa 16 apreldə səfirini geri çağırdı, sonra fəaliyyətini bərpa etdi. O, bu gün də hər fürsətdə Azərbaycana qarşı revanşizmi körükləyir, regionda gərginliyin qalmasında maraqlı olduğunu açıq bəyan edir. Sizcə, ABŞ-dən sonra Fransa səfirinin də işğaldan azad olunan Şuşaya səfəri gözləniləndirmi?

- Eyni hadisə Fransa üçün də keçərlidir. Fransa erməni diasporasının çaldığı hava ilə oynayır. Düşünürəm ki, Fransa da öz mövqeyində normal məcraya dönəcək. Onun başqa yolu yoxdur. Azərbaycanın region, eləcə də beynəlxalq miqyasda apardığı siyasət, dünyaya təklif etdiyi sülh, dialoq, barış, ədalət hər kəsə bəllidir. Yaxın aylarda 80 min xarici ölkə nümayəndələrinin qatıldığı COP29 konfransı bir daha buna əyani sübutdur. Azərbaycanın regionla bağlı mövqeyi aydındır və nəhayət, ABŞ kimi Fransa da reallığı qəbul edəcək. Fransa, nəhayət, beynəlxalq hüquq normaları ilə hesablaşmalıdır.

- 44 günlük savaşdan sonra Qərbin, Avropanın regiona yersiz müdaxilə cəhdləri, Azərbaycana təsir və təzyiqlərlə öz istəyinə nail olmaq niyyətləri tez-tez önə çıxır. Bugünün reallığına baxanda müşahidə olunanlar həmin güclərin nə dərəcədə öz istəklərinə çatdığını göstərir?

- Görünən odur ki, Azərbaycan regionda müharibəni yekunlaşdırıb.  Bir  sıra Avropa ölkələri Azərbaycanla çox ciddi əməkdaşlıq qurub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük  rol oynayır. Ona görə də hansısa ölkələrin seçki prosesində “şıltaqlığı”, erməni diasporasının aktuallığı bitəndən sonra məsələlər öz normal məcrasına qayıdacaq.

- Siz ABŞ, Fransa kimi dövlətlərin Azərbaycana qarşı əks-mövqeyində erməni diasporalarının rolunu xüsusilə qeyd etdiniz.  Azərbaycan diasporaları nə dərəcədə adekvat addımlar ata bilir və həqiqətlərin dünyaya çatrırılması üçün necə çıxış edir?

- Azərbaycan diasporasını 100  illər boyu formalaşan erməni diasporaları ilə müqayisə etmək doğru olmaz. Diaspora işi Azərbaycanda yeni başlayıb və gücü elə də böyük deyil. Azərbaycanlıların bir xüsusiyyəti var ki, onlar Vətəndə yaşamağa üstünlük verir. Mənə elə gəlir ki, bu istiqamətdə xaricdə addımlar atılır. Gələcəkdə güclü, arzu etdiyimiz diasporalarımız formalaşarsa, onların müsbət nəticələrini müzakirə edə bilərik. Hələlik, diasporalarımız ilkin addımlarını atır.

- Cənubi Qafqaz regionu Qərbin Gürcüstandakı təsirləri müstəvisində gərginləşir. Necə hesab edirsiniz, Gürcüstanda baş verən proseslərdə Qərb hansı ssenari üzrə hərəkət edir?  Azərbaycandan əli üzülən Qərb Gürcüstan vasitəsilə regionda nəyə nail olmağa çalışır?

- Biz bu məsələlərə səbirlə yanaşmalıyıq. Gürcüstan öz müstəqilliyini, dövlətçiliyini qoruya bilər. Gürcüstan da regionun bir parçasıdır və biz orada cərəyan edən prosesləri diqqətlə izləyirik.